Türkiyə son illər xarici tələbələrin ən çox rəğbət bəslədiyi ölkələrdən birinə çevrilmişdir. Əsasən də,Azərbaycanlı tələbələrin. Bu da səbəbsiz deyil. İstər təhsilin keyfiyyəti, istər universitetlərin artıq dünyada reytinq qazanmağa başlamaları, istərsə də bizim ölkəyə həm məsafə,həm də adət-ənənə olaraq yaxınlığı buna təsir edir.

Türkiyədə bakalavr

Təhsil müddəti 4 ildir. Dil nəticəsi olmayanlar 1 il əlavə hazırlıq keçməlidirlər. Bütövlükdə Türkiyədə 172 universitet var. Bunların 105-i dövlət, 61-i özəl, 6-sı isə texnikumdur.

Xarici tələbələrin Türkiyədə bakalavr təhsili pilləsinə qəbul qaydaları aşağıdakı kimidir:

1. TCS – Türk dövlətlərindən Türkiyədəki ali təhsil qurumlarında təqaüdlü təhsil almaq istəyən tələbələr üçün təşkil edilən imtahandır.

2. YÖS – Bu imtahan son 2 ildə artıq ümumi bir imtahan deyil, daha çox bəzi universitetlərin öz nəzdində keçirdiyi bir imtahana çevrilib. YÖS imtahanında iştirak etmək istəyənlər birbaşa universitetlə əlaqə saxlayaraq qeydiyyatdan keçib universitetin öz daxilində və ya seçilmiş mərkəzlərində imtahan verməlidirlər.

3. TQDK – YÖS imtahanı keçirməyən bir çox universitet TQDK-dan toplanan balla tələbə qəbul edir. Bu bal universitetlərin reytinqinə görə dəyişir. Ümumi olaraq bir çox universitetlər tələbənin seçdiyi ixtisasın olduğu qrup üzrə keçid balını toplamağı (bunlar əsasən aşağı reytinqli universitetlərdir) tələb edir. Normal bir universitetdə oxumaq üçün isə TQDK-dan 400-500 arası bal toplamaq lazımdır. Daha yüksək reytinqli universitetlər,məsələn ODTÜ kimi universitetlər 550-600 arası bal tələb edirlər.

4. SAT – Demək olar ki, hər universitet SAT imtahanı ilə tələbə qəbulu təşkil edir. Belə ki, prestijli Türkiyə universitetlərinə qəbul olmaq üçün SAT və əlavə olaraq TOEFL imtahanı vermək tələb olunur. Bu daha çox ingilis dilli proqramlara aid olur.

5. ATTESTAT – Türkiyədə təhsil almağın bir digər və ən asan yolu YALNIZ ATTESTATLA təhsildir. Yuxarıda qeyd olunan ilk 4 bənddəki heç bir imtahanda iştirak etmədən yalnız ORTA MƏKTƏB ATTESTATI ilə təhsil ala bilərsiniz. Təbii ki, hər universitet bunu qəbul etmir və ya birbaşa qəbul etmir, əsasən də reytinqli universitetlər qəbul etmir. Hətta bir çox TQDK balı tələb edən universitetlərə də qəbulunuzu təşkil edə bilərik.