Azərbaycan Tibb Universiteti

Azerbaijan Medical University

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

Azərbaycan Tibb Universiteti  – minlərlə tələbəni öz ətrafında birləşdirən, əhalinin sağlamlığının keşiyində duran peşəkar həkim və mütəxəssislər, elmi işçilər yetişdirən təhsil və elm ocağıdır. Burada tədris prosesi elmi tədqiqatlar, peşəkar tibbi yardım və səhiyyədə əldə olunan nailiyyətlərlə sıx əlaqəlidir.

Azərbaycan Tibb Universiteti (ATU) 1930-cu ildə may ayının 9-da Bakı Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tibb fakültəsi bazası əsasında yaradılıb. Deməli, indiki BDU-nun tibb fakültəsinin varisi sayılan universitetimiz özündə təxminən 100 illik bir tarixi birləşdirir və ATU-nu kafedralarının əksəriyyətinin əsası məhz 1919-cu ildə tibb fakültəsinin yarandığı vaxtda qoyulub.

3 ildən sonra rəsmi yaranma tarixinin 90 illik yubileyini qeyd etməyə hazırlaşan  Azərbaycan Tibb Universiteti hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanaları, xəstəxana və klinikaları ilə Azərbaycanın ən iri təhsil və elm ocaqlarından biridir. Universitet elmi-tədqiqat laboratoriyaları, müasir cihazlar və avadanlıqla təchiz edilib ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan verib.

ATU-nun 4 unikal klinikası ilə yanaşı, 6 tədris binası, inzibati binası, 1700 yerlik 6 tələbə yataqxanası  var. Təkcə 11 mərtəbəli müasir tipli tədris binası 2300 tələbə qəbul etmək imkanına malikdir. Burada universitetin 10 nəzəri kafedrası, internet mərkəzi, 1 milyona yaxın kitab ehtiyatı olan unikal kitabxana və “Təbib” nəşriyyatı yerləşdirilib.